Endodontiya - anatomiyanı, fiziologiyanı, diş ətrafı toxumalarla yanaşı diş kökü kanalları xəstəliklərini və müalicə metodlarını öyrənən terapevtik stomatologiya bölməsidir. Endodontik müalicənin mahiyyətini anlamaq üçün diş anatomiyası haqqında bəzi şeyləri bilmək lazımdır. Dişin daxilində, ağ mina qatının və dentin adlandırılan sərt təbəqənin altında pulpa adlanan yumşaq toxumalar mövcuddur.
Endodontik müdaxilə adı altında diş boşluğu və onun hüdudları daxilində həyata keçirilən bütün tibbi manipulyasiyalar başa düşülür. Başqa sözlə, bu, dişləri qorumaq məqsədilə aparılan odonto cərrahi müdaxilədir.
Pulpa birləşdirici toxuma, sinirlər və qan daşıyıcı toxumalardan ibarətdir və dişin sərt toxumalarına qida və artımı təmin edir.
Pulpa diş tacından dişin kök ucuna qədər uzanır ki, orada kökü əhatə edən ətraf toxumalarla birləşir. Dişin inkişafı və böyüməsi zamanı pulpanın sağlamlığı çox vacibdir. Diş tam formalaşdıqdan sonra pulpa olmadan da fəaliyyət göstərə bilər, çünki diş həmçinin onu əhatə edən ətraf toxumalardan da qidalanır.
Endodontik müalicənin bir seansda bitirilməsi məsləhət görülmür. Lazım gələrsə, kök kanallarının plomblanması bir neçə gün, bəlkə də həftə uzadıla bilər.Dişin endodontik müalicəsindən sonra, onun funksiyalarının bərpası məqsədilə anatomik bərpaya keçilir ki, bu da öz növbəsində plomblama materiallarının və ortopedik konstruksiyaların köməyi ilə həyata keçirilir.